Azərbaycan Avropaya yaşıl enerji ixrac edəcək?

11:49 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Azərbaycan qlobal çağırışlara uyğun olaraq, “yaşıl enerji”nin inkişafını prioritet istiqamət kimi müəyyən edib. Ölkəmiz təkcə enerji sektorunda dayanıqlılığı artırmaqla kifayətlənmir, həm də qlobal səylərə töhfə vermək məqsədilə genişmiqyaslı layihələr həyata keçirir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, eləcə də ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bunun əyani sübutudur.

ABC.AZ xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O qeyd edib ki, Azərbaycanın cəlb olunduğu layihə Xəzər dənizi, Qara dənizi və Avropanı birləşdirən genişmiqyaslı “yaşıl enerji” istehsalı və ixracını nəzərdə tutan təşəbbüsdür.

"Layihənin bir hissəsi Rumıniya ilə Gürcüstan arasında uzanan “Black Sea Cable” layihəsi adlanır. Lakin Azərbaycanın üzərində çalışdığı layihə daha genişdir və “yaşıl enerji”nin Azərbaycandan Avropaya qədər ötürülməsini əhatə edir", - deyə C.Abdullayev deyib.