Xorvatiya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

11:49 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. Xorvatiya, əczaçılıq, enerji, gəmiqayırma, kənd təsərrüfatı və informasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Xorvatiya prezidenti Azərbaycan prezidenti ilə birgə yekun mətbuat konfransında bildirib ki, iqtisadi əməkdaşlığın mövcud vəziyyəti hələ də qeyri-qənaətbəxş səviyyədədir, lakin birgə komissiya iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır.

“Azərbaycanla Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiya işləyir. İşin əsas məqsədi ikitərəfli layihələri irəli sürmək və həyata keçirməkdir. Biz də bu komitənin Bakıda son iclasını keçirmişik və növbəti iclasın yaxın gələcəkdə işə başlamasını istəyirik”, - Xorvatiya prezidenti belə deyib.

“Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcəkdir”, - deyə Kolinda Qrabar-Kitaroviç bildirib.

Xorvatiya prezidenti əlavə edib ki, onun ölkəsi Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.

“Eyni zamanda, gəmiqayırma sahəsində də vacib işlər var. Bizim 6 gəmi ilə bağlı müzakirələrimiz oldu. Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam etdiriləcəkdir və Azərbaycan ilə biznes potensialını tam şəkildə istifadə edə biləcəyik”, - Xorvatiya prezidenti belə deyib.

O, həmçinin kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümidvar olduğunu bildirdi.

 

Bütün xəbərlər