“Tesla” Kanadada satışda olan avtomobillərinin qiymətini artıracaq

15:23 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. “Tesla” fevralın 1-dən Kanadadakı bütün avtomobillərinin qiymətini qaldıracaq.

ABC.AZ xəbər verir ki, şirkətin Kanadadakı rəsmi saytında verilən məlumata görə, “Model 3”ün qiyməti 6254,78 ABŞ dolları məbləğində qalxacaq.

“Tesla” qiymətlərin qalxmasının səbəblərini açıqlamır. “Reuters” xəbər verir ki, şirkət Kanadada avtomobil istehsal etmir, yalnız digər zavodlardan idxal edir.

“Tesla”nın qiymət artımı ilə bağlı bu gözlənilməz addımı Kanadanın Baş naziri Castin Trüdonun çərşənbə axşamı etdiyi bəyanatından sonra atılıb. Belə ki, Trüdo ABŞ Prezidenti Donald Trampın fevralın 1-dən Kanada və Meksikadan idxal rüsumlarını 25 faiz artıracağı təqdirdə onun hökumətinin buna reaksiya verəcəyini bildirmişdi.