Naxçıvanda qanun pozuldu - 132 min 994 manat artıq sosial yardım təyin edilib

16:40 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

ABC.AZ Palataya istinadən xəbər verir ki, audit nəticəsində müəyyən edilib ki, sosial təminat xidmətləri çərçivəsində dövlət büdcəsi hesabına artıq xərcləmələrə yol verilib. Sanatoriya-kurort yollayışları üzrə dövlət vəsaitlərindən 1 040 manat artıq vəsait sərf olunub, bəzi şəxslərə isə qanunvericiliyə zidd olaraq təkrar yollayışlar verilib.

Həmçinin, aktiv əmək müqaviləsi olan şəxslərə və ya sosial sığorta haqqı ödəyən vətəndaşlara qanunsuz olaraq yollayışlar təqdim olunub.

Ünvanlı dövlət sosial yardımlarının təyini zamanı da bir çox nöqsanlara yol verilib. Əmək qabiliyyətli şəxslərə, aktiv əmək müqaviləsi olanlara və yaxud sosial sığorta haqqı ödəməyənlərə ümumilikdə 132 min 994 manat artıq yardım təyin edilib. Eyni zamanda, bəzi şəxslərə əmək fəaliyyəti olduğu halda, yaşa və yaxud ailə başçısını itirməyə görə müavinətlər qanunsuz olaraq ödənilib və bu xərclər ümumilikdə 28 426 manata çatıb.

Agentliyin balansında olan 9 2612 manat dəyərində əsas vəsaitlərin itməsi, bəzi aktivlərin qanunsuz şəkildə digər qurumlara verilməsi, həmçinin inventarizasiyanın düzgün aparılmaması müəyyən edilib.