Ağdamdakı dəmir yolu və avtovağzaldakı tikinti işləri nə vaxt yekunlaşacaq?

15:16 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Ağdam şəhərində tikintisi həyata keçirilən layihələrdən biri də dəmir yolu və avtovağzal kompleksidir.

ABC.AZ xəbər verir ki, binanın tikintisində dəmir-beton işləri tamamlanıb.

Hazırda binanın içərisində kommunikasiya xətlərinin çəkilməsi və təmir işləri davam etdirilir. Ərazidə fərdi nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaq, şəhərdaxili marşrutlar üzrə avtobuslar üçün 16 yerlik perronlar, şəhərlərarası marşrutlar üzrə avtobuslar üçün 16 yerlik perronlar, rayondaxili marşrutlar üzrə avtobuslar üçün 24 yerlik perronlar, orta və iri tutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaq, fiziki məhdudiyyətli şəxslər üçün yerüstü avtomobil dayanacağı, taksi dayanacağı, park, nəzarət-buraxılış məntəqəsi, qazanxana, velosiped dayanacağı, avtomobillər üçün elektrik doldurma məntəqəsi də yaradılacaq.

Dəmir yolu və avtovağzal kompleksində tikinti işlərinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks sərnişinlərə xidmət etməklə yanaşı, həm də Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək.