“Avtolüks Azərbaycan” MMC məhkəmədə uduzdu

16:59 - 4.02.2025


4 fevral, Fineko/abc.az. Məhkəmə Dövlət Gömrük Komitəsinin (DGK) “Avtolüks Azərbaycan” MMC-yə qarşı cəriməsini təmin edib.

ABC.AZ xəbər verir ki, DGK-nin idarəsi “Avtolüks Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimə protokolu tərtib etmişdi.

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Xalidə Əlisoyun sədrliyi ilə baxılan işdə hakim inzibati tənbehin tətbiqi ilə bağlı qərar qəbul edib.

İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə – inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

“Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.