Azərbaycan Tibb Universitetində Fizioterapiya Günü qeyd olundu

18:43 - 7.09.2018


7 sentyabr, Fineko/abc.az. 8 sentyabr - Dünya Fizioterapiya Günüdür. Fizioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi üsullarını hazırlayan tibbi bölmədir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu günə aid xüsusi tədbir keçirilib.

Fizioterapiya bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitədir. Bu metoddan daha çox oynaq xəstəliklərində, dayaq-hərəkət sistemi xəstəliklərində, həmçinin, bir çox xəstəliklərin bərpa periodunda istifadə olunur.

Tədbirdə çıxış edən Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və bərpa şöbəsinin müdiri Nurlana Əliyeva bildirib ki, fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Bu zaman fiziki üsullar qismində günəş şüasının spektri, elektrik dalğaları, maqnit dalğaları və ultrasəs dalğalarından istifadə etməklə müalicə nəzərdə tutulur.

Fizioterapiya 2 əsas bölməyə - elektroterapiya və reabilitasiya hissələrinə ayrılır. Elektroterapiya tibbi avadanlıqlarla müalicə üsuludur. Reabilitasiya isə itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qaytarılması deməkdir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən asılıdır.

Tədbirdə qeyd olundu ki, son zamanlar zərbə-dalğa terapiyası müalicə üsuluna çox üstünlük verilir. Bu zaman müalicə çox aşağı tezlikli səs dalğaları (akustik dalğalar) yaradan xüsusi cihaz vasitəsilə aparılır. Bu akustik dalğalar toxumalara yayılaraq sümüyə qədər hərəkət edir. Elə prosedur zamanı yaxşılaşma müşahidə olunur.

Lakin zərbə-dalğa terapiyasından hər xəstənin müalicəsində istifadə oluna bilməz. Bu metod yalnız daban mahmızı və ya pəncə fassiti, epikondilit, osteoxondroz, osteoartroz, çiyin-kürək periartropatiyası, koksiqodiniya, əzələ-tonik sindrom, sınıqların gec bitişməsi və yastıayaqlılıq zamanı tətbiq oluna bilər.

Bütün xəbərlər