BƏƏ-də savadlı əhalinin çəkisi 95%-i ötür

15:19 - 5.02.2025


5 fevral, Fineko/abc.az. Son yarım əsrdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təhsil sektorunda böyük irəliləyişlər əldə edib. Əgər 1970-ci illərdə əhalinin yarıdan az hissəsi oxuyub yaza bilirdisə, bu gün savadlı əhalinin çəkisi 95%-i ötür, təhsilə ayrılan xərclər isə ölkə büdcəsinin 15%-dən çoxunu təşkil edir.

ABC.AZ xəbər verir ki, dövlət məktəbləri milli standartlara əməl edir və ərəb dilində dərs deyir, geniş özəl sektor isə Amerika, Hindistan və ya digər ölkələrin təhsil standartlarından istifadə edərək başqa dillərdə tədris keçir. BƏƏ-yə gələn xarici tələbələr adətən özəl məktəblərdə və universitetlərdə təhsil alırlar.

BƏƏ-nin xarici tələbələr üçün ən cəlbedici əmirliklərindən biri Dubaydır. Onun iki yüzdən çox özəl məktəbi və bir neçə onlarla özəl universiteti, həmçinin 50 ingilis dili məktəbi var – 3.6 milyon əhalisi olan region üçün bu, əhəmiyyətli rəqəmdir.

Getdikcə daha çox xarici təhsil təşkilatı Dubayda öz nümayəndəliklərini yaradır. Bu il açılan dörd ali təhsil müəssisəsinin hamısı xaricidir. Onlar arasında iki biznes məktəbi, Hindistanın beynəlxalq “Symbiosis” universiteti və Plexanov adına Rusiya İqtisadiyyat Universiteti var.