Azərbaycandan Ukraynaya yardımın növbəti hissəsi yola salınıb

11:35 - 12.02.2025


12 fevral, Fineko/abc.az. Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon dollar manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi 7 fevralda göndərilib.

Jurnalistlərə açıqlamasından Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov bildirib ki, adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir. Onun sözlərinə görə, Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.