Ötən ay mağazalarda 4,8 milyard manatlıq məhsul satılıb

15:34 - 13.02.2025


13 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artmışdır.

ABC.AZ xəbər verir ki, 2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.