Fintexlərə yeni imkanların yaradılması nəzərə alınmalıdır - Ruslan Talıbov

11:50 - 14.02.2025


14 fevral, Fineko/abc.az. Azərbaycanın maliyyə bazarında innovativ inkişafın davamlı olması, "sandbox" rejimi çərçivəsində daha düzgün formada və planlaşdırılmış layihələrin sınaqdan keçirilməsi məqsədi ilə Mərkəzi Bankın dövlət sektoru ilə yanaşı, həm də özəl sektordan aparıcı ekspertlərin cəlb edilməsi ilə innovativ həllər istiqamətində mərkəzi platformanın yaradılması təklif olunur.

ABC.AZ xəbər verir ki, bu təkliflə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda çıxış edib.

O qeyd edib ki, Mərkəzi Bankın ötən ilin əvvəlində təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası"nda nəzərdə tutulduğu kimi fintexlərin fəaliyyət dairəsinin genişləndirilməsi təmin edilməli və onlar qarşısında yeni üfüqlər müəyyən edilməlidir:

"Bu istiqamətdə fintexlərin Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinə, o cümlədən Ani Ödəniş Sisteminə inteqrasiyası, dövlət layihələrində iştirakı imkanlarının formalaşdırılması, müəyyən sosial ödənişlərin innovativ ödəniş aləti olaraq elektron pulla həyata keçirilməsi, bununla da fintexlərə yeni imkanların yaradılması nəzərə alınmalıdır".