Təkrar bazarda ticarəti mümkün edən infrastruktur istifadəyə verilib

14:30 - 14.02.2025


14 fevral, Fineko/abc.az. Təkrar bazarda ticarəti mümkün edən zəruri infrastruktur istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, nəticədə MDM-in İnvestor portalında və APİ vasitəsilə investorlar üçün balanslarında olan qiymətli kağızlar barədə məlumatların əldə edilməsi imkanı yaradılıb.

"Rəqəmsallaşma sahəsində MDM tərəfindən həyata keçirilmiş digər mühüm yenilik isə səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir. MDM bu xidməti ilk dəfə olaraq ölkəmizdə tətbiq edərək, əlçatanlıq səviyyəsinin artırılmasına, səhmdarların hüquqlarının qorunmasına və şəffaflığın artırılmasına tövhə verib. Hazırda bu sahədə emitentlərə və investorlara göstərilən xidmətlər üzrə elektron çıxarışların və online ödənişlərin tətbiqi üzrə işlər davam etdirilir. MDM-in strategiyasına uyğun olaraq, bazar iştirakçılarına təqdim olunan platformaların dayanıqlığı və təhlükəsizliyi prioritet kimi müəyyən olunub. Bu istiqamətdə, kiber müdafiə sistemlərindən mütəmadi istifadə edilir. Hazırda veb tətbiqlərin təhlükəsizliyi, imtiyazlı istifadəçilərə nəzarət və kibertəhdidlərin aşkarlanması sistemləri real rejimdə tətbiq edilir", - deyə A.Xudaverdiyev əlavə edib.

Müəllif: Elmir Murad