TDT Baş katibi: Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu kimi strateji əhəmiyyət daşıyır

15:41 - 14.02.2025


14 fevral, Fineko/abc.az. Türk dünyası 107 milyon nəfər əhalisi və 4,5 milyon kvadrat kilometr ərazisi ilə geniş ticarət və investisiya imkanları yaradır. Ümumi ÜDM-i 4,3 trilyon dollardan çoxdur və region dünya üzrə üçüncü ən böyük enerji təminatçısıdır.

ABC.AZ Azertac-a istinadla  xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

Onun sözlərinə görə, Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu kimi strateji əhəmiyyət daşıyır.

“Bu dəhliz, Şimal dəhlizindən 2 min kilometr daha qısadır və yükləri Çindən Avropaya dəniz nəqliyyatına nisbətən üç dəfə tez çatdırır. Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu layihəsi Orta Şərq və Avropa bazarlarına məsafəni 900 kilometr qısaldacaq və illik yükdaşıma qabiliyyətini 12-15 milyon tona çatdıracaq. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısında Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi (DEPA) imzalanıb və hazırda ratifikasiya prosesindədir. Bu saziş TDT üzvləri arasında rəqəmsal əməliyyatlara etimadı artıracaq. Xidmətlər və investisiyalar sahəsində azad ticarət sazişinin yekunlaşdırılması da əsas prioritetlərdəndir. Bu addım üzv ölkələr arasında ticarət dövriyyəsini və investisiya imkanlarını artıracaq”, - deyə TDT Baş katibi vurğulayıb.