16:03 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Türk dövlətlərinin Mərkəzi Banklar və Milli Banklar Şurasının yaradılması barədə memorandum imzalaması maliyyə əməkdaşlığının genişlənməsinə xidmət edəcək.
ABC.AZ xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
O qeyd edib ki, “Türkiyə Yaşıl Maliyyə Şurası Memorandumunun imzalanması isə yaşıl maliyyə və dayanıqlı investisiyalar üçün mühüm addımdır. Daşkənddə Türk İnvestisiya Forumunun, Qazaxıstanın Türkistan şəhərində Turan-Sakit Okean İqtisadi Zonasının açılışının, eləcə də Mərkəzi Banklar Şurasının və Yaşıl Maliyyə Şurasının ilk iclasları keçiriləcək”.
Kubanıçbek Ömüralıyev Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb.
“Türk Dövlətləri Təşkilatı üzvləri arasında ticarət həcmi hazırda ümumi ixracın cəmi 7 faizini təşkil edir və bu göstəricinin artırılması üçün daha çox investisiya cəlb edilməlidir. Bu gün TCCI və Türk İnvestisiya Fondu arasında Anlaşma Memorandumu imzalanacaq. Bu sənəd, əsas iqtisadi təşkilatlarımız arasında tərəfdaşlığı institutlaşdıracaq və Türk dünyasında investisiyaları sürətləndirəcək. Türk İnvestisiya Fondunun aktivləşməsi kiçik və orta biznesə dəstək verəcək, əsas infrastruktur və iqtisadi layihələri maliyyələşdirəcək, həmçinin ticarət və investisiya imkanlarını genişləndirəcək. Fond sənaye, logistika, enerji səmərəliliyi, informasiya-kommunikasiya texnologiyaları və yaşıl iqtisadiyyat sahələrində innovativ layihələrə maliyyə dəstəyi verəcək”, - deyə Baş katib əlavə edib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025