“Azərpambıq"ın satdığı malların dəyəri 19 faiz azalıb

12:22 - 4.03.2025


4 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin xalis mənfəət göstəricisi isə 2022-ci ildə 26.7 milyon manat olduğu halda, 2023-cü ildə 8.39 milyon manat zərərə çevrilib.

ABC.AZ xəbər verir ki, ümumi mənfəət də kəskin şəkildə azalıb. 2022-ci ildə 38.9 milyon manat olan ümumi mənfəət, 2023-cü ildə 18.5 milyon manata düşüb ki, bu da 52.4% azalma deməkdir.

Satılmış malların maya dəyəri 2023-cü ildə 65.8 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 19.0% azalıb. Əməliyyat və inzibati xərclər 7.9 milyon manat səviyyəsində sabit qalıb.

2023-cü ildə şirkətin ümumi aktivləri 242.6 milyon manat olub ki, bu da 2022-ci ilin göstəricisindən 5.9% yüksəkdir. Bu artım əsasən cari aktivlərin 11.9% artması ilə bağlıdır.

Şirkətin öhdəlikləri isə 2022-ci illə müqayisədə 52.1% artaraq 69.7 milyon manata yüksəlib. Bu artım əsasən kreditor borcları və digər öhdəliklər hesabına baş verib.

Bölüşdürülməmiş mənfəət isə 48.9 milyon manatdan 39.2 milyon manata düşüb ki, bu da 19.8% azalma deməkdir. Buna səbəb hesabat müddətində bölüşdürülməmiş mənfəətindən 1.3 mln. manat dividend ödəməsidir.