Tədqiqat: Antarktidanın ozon təbəqəsi bərpa olunur

17:44 - 6.03.2025


6 mart, Fineko/abc.az. Antarktidanın ozon təbəqəsi bərpa olunur ki, bu da planetin qoruyucu baryerini məhv edən maddələrin emissiyalarını azaltmaq üçün qlobal səylərin birbaşa nəticəsidir. 

ABC.AZ xəbər verir ki, bu barədə, 6 martda Nature jurnalında dərc olunan məqalədə deyilir.

Bu ümidverici nəticələr Massaçusets Texnologiya İnstitutunun (MIT) rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən əldə edilib.
Alimlər keçmişdə ozon qatının bərpası əlamətlərini artıq müşahidə etmişlər. Lakin, yüksək statistik etibarlılığı olan yeni bir araşdırma, bu azalmanın ilk növbədə təbii hava dəyişkənliyi və ya stratosferə istixana qazı tullantılarının artması kimi digər amillər deyil, ozon qatını məhv edən maddələrin emissiyalarının azalması ilə əlaqəli olduğunu aşkar edib.
“Antarktida üzərindəki ozon dəliyinin azaldığını göstərən çoxlu keyfiyyətli məlumatlar var. Ancaq bu, həqiqətən ozon dəliyinin bərpa olunacağına inamı ölçən ilk araşdırmadır”, — deyə tədqiqat müəllifi Syuzan Solomon qeyd edir.
"Məsələ burasındadır ki, o, 95 faiz əminliklə bərpa olunur. Bu da heyrətamizdir. Və bu, ekoloji problemləri həqiqətən həll edə biləcəyimizi göstərir", — deyə o bildirib.