Azərbaycanda startaplara 1,3 milyon dollar investisiya qoyulub

12:30 - 12.03.2025


12 mart, Fineko/abc.az. Son dövrlərdə Azərbaycan startapları ümumilikdə 1,3 milyon ABŞ dolları həcmində investisiya cəlb edib.

ABC.AZ xəbrə verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.

Onun sözlərinə görə, startaplar üçün digər maliyyə əlçatanlığı mexanizmlərinə akselerasiya və inkubasiya proqramları, eləcə də müxtəlif hakatonlar daxildir:

“Son dövrlərdə ölkəmizdə keçirilən akselerasiya və inkubasiya proqramları, eləcə də müxtəlif hakatonlar çərçivəsində startaplarımız ümumilikdə 1,3 milyon ABŞ dolları həcmində investisiya cəlb etməyə nail olub. Bu investisiyaların əhəmiyyətli bir hissəsi, təxminən 1 milyon ABŞ dolları, “StartUp Guys Wise” kimi tanınmış beynəlxalq akselerasiya platforması tərəfindən təmin edilib. Belə beynəlxalq investisiyaların cəlb olunması ölkədə startap ekosisteminin qlobal səviyyədə tanınmasına və rəqabət qabiliyyətinin artmasına təkan verir”. (Report)