“Pokemon Go”nun tərtibatçısı 3,5 milyard dollara satır

10:13 - 13.03.2025


13 mart, Fineko/abc.az. Martın 12-də “Pokemon Go” oyunu ilə tanınan, əlavə reallıq (AR) texnologiyalarının tərtibatçısı olan Amerikanın “Niantic” şirkəti öz oyun bölməsini Amerika oyun tərtibatçısı “Scopely”ə satdığını elan edib. Müqavilənin dəyəri 3.5 milyard dollardır.

ABC.AZ xəbər verir ki, “Scopely” şirkəti Səudiyyə Ərəbistanının suveren sərvət fondu, “Public Investment Fund”a (PIF) məxsusdur, buna görə də “Niantic”in satın alınması Səudiyyə Ərəbistanının videooyunlar və kiberidman bazarında daha fəal olmaq istəyinin növbəti sübutu kimi qəbul edilə bilər. Ümumilikdə Səudiyyə Ərəbistanı bu sahəyə 40 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.

“Niantic”in oyun bölməsinin satışı, çox güman ki, onun 2016-cı ildə buraxılan və ilk ilində 500 milyondan çox oyunçuya sahib olan “Pokemon Go”nun uğurunu təkrarlaya bilməməsi ilə bağlıdır.