Ötən il neft məhsullarının ixracından daxilolmalar 273,6 milyon təşkil edib

14:17 - 14.03.2025


14 mart, Fineko/abc.az. Ötən il neft məhsullarının ixracından daxilolmalar 273,6 mln. ABŞ dolları, daxili satışından isə 4 735,3 mln. manat təşkil edib.

ABC.AZ xəbər verir ki, 2024-cü ildə SOCAR-ən Qaz Emalı Zavodunda 3 377 mln. kubmetr təbii qaz emal edilmiş, ondan 3 327,0 mln. kubmetr təmizlənmiş quru qaz, 12,2 min ton texniki butan və 26 min ton qaz benzini istehsal olunub.

“Qaz benzininin bütün həcmi xammal kimi “Azərikimya” İstehsalat Birliyinə təchiz edilib, texniki butan isə bütövlükdə daxili bazarda satışa yönəldilib”, – hesabatda vurğulanır.

Bununla yanaşı, hesabat ilində Karbamid Zavodunda 652 min ton azot gübrəsi istehsal edilib və bunun da 63 min tonu daxili bazara, 570 min ton isə ixraca yönəldilib. Metanol Zavodunda isə 555,3 mln. kubmetr həcmində qaz emalı hesabına 516,5 min ton metanol istehsal olunaraq 95%-i ixraca yönəldilib.

“2024-cü ildə “SOCAR Polymer” MMC tərəfindən 124 min ton polipropilen və 73 min ton yüksək sıxlıqlı polietilen məhsulu istehsal edilmişdir ki, bunların da 99%-i ixrac edilmiş, 1%-i daxili bazarda satılıb”, – hesabatda deyilir.