Üç ayda Azərbaycanda 1302 ədəd minik avtomobili istehsal olunub

17:11 - 15.04.2025


15 aprel, Fineko/abc.az. Avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində də müsbət dinamika müşahidə olunur.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-mart aylarında bu sahədə 99,6 milyon manatlıq məhsul istehsal olunmuşdursa, 2025-ci ilin eyni dövründə bu rəqəm 103,1 milyon manat təşkil edib, yəni 3,1 faiz artım qeydə alınıb.

İstehsal edilmiş məhsulların say göstəriciləri də diqqətçəkicidir.

2025-ci ilin ilk üç ayında 1302 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 695 ədəd çoxdur.

Bu, daxili istehsal gücünün və avtomobil sənayesinə olan tələbatın artdığını göstərir.

Bununla belə, traktor istehsalı sahəsində azalma müşahidə olunub. 2025-ci ilin yanvar-mart aylarında traktor istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz azalıb.