“JPMorgan Chase & Co” 31,5 milyon dollarlıq səhmlərini satıb

10:05 - 17.04.2025


17 aprel, Fineko/abc.az. “JPMorgan Chase & Co”nun baş icraçı direktoru Ceymi Daymon təxminən 31,5 milyon dollar dəyərində bank səhmlərini satıb.

ABC.AZ xəbər verir ki, Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən açıqlamaya görə, ümumilikdə 133 639 səhm satılıb.

Satış “Rule 10b5-1(c)” proqramına əsasən həyata keçirilib. Bu proqram insayder məlumatlarından qazanc əldə etməyin qarşısını almaq üçün müəyyən şərtlər altında əməliyyatları avtomatik həyata keçirilməsini nəzərdə tutur.

Ceymi Daymon hazırda “JPMorgan Chase”in təxminən 1,32 milyon səhminə sahibdir. Daha 8,85 min səhm təqaüd proqramı çərçivəsində, 116,5 min səhm məhdud məsuliyyətli cəmiyyət, 4,75 milyon səhm isə trast yolu ilə ona məxsusdur. Qeyd edək ki, Ceymi Daymonun həyat yoldaşı bankın 273 min səhminə sahibdir.

“Rule 10b5-1(c)” proqramı 1 milyon səhmin satışı üçün nəzərdə tutulmuşdur və avqustun 1-dək qüvvədədir.