11:09 - 18.04.2025
18 aprel, Fineko/abc.az. Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə start verilib.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda ölkədə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması – yəni vaxt sinxronizasiyası – müxtəlif xarici mənbələr və üsullar vasitəsilə həyata keçirilir. Bu isə xarici sistemlərə asılılığın artmasına və daha dəqiq sinxronizasiyanın çətinləşməsinə səbəb olur. Nəticədə maliyyə, logistika, kommunikasiya və digər sahələrdə müxtəlif texniki maneələrin yaranması riski artır.
Azərbaycan Metrologiya İnstitutu bu sahədə mühüm addımlar atıb. Belə ki, Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın tədbirlər planına uyğun olaraq, institutun yeni yaradılmış Vaxt və tezlik ölçmələri laboratoriyasında sezium atom saatları və GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) qəbulediciləri quraşdırılıb.