Ən çox debitor borcu olan qurumlar – Siyahı

12:23 - 18.04.2025


18 aprel, Fineko/abc.az. Azərbaycanın baş kredit sərəncamçılarının 2022–2023-cü illərdə debitor və kreditor borclarının analitik fəaliyyəti üzrə audit nəticələri açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə 4-cü nömrəsində bildirilir.

Hesabatda qeyd edilir ki, 2023-cü ildə dövlət qurumlarının debitor borcları 2022-ci illə müqayisədə 45,3 % artaraq 4 milyard 437,6 milyon manata çatıb.

Ən yüksək debitor borc Müdafiə Nazirliyində qeydə alınıb – 2022-ci ildə 1 milyard 161,8 milyon manat olduğu halda, 2023-cü ildə 2 milyard 594,1 milyon manata yüksəlib.

Auditin nəticələrinə əsasən, debitor borcların funksional təsnifatı üzrə “Müdafiə və milli təhlükəsizlik”, “İqtisadi fəaliyyət” və “Əsas bölmələrə aid edilməyən xidmətlər” sahələri ən böyük paya sahib olub.

Bundan əlavə, debitor borcların inzibati təsnifatı üzrə 2022-ci ildə 100, 2023-cü ildə isə 104 istiqamətdə borc olduğu müəyyən edilib. Maraqlıdır ki, bəzi ləğv olunmuş və ya təşkilati-hüquqi forması dəyişdirilmiş qurumların da əvvəlki illər üzrə debitor borcları saxlanılıb.