PAŞA Sığorta şirkəti yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib

11:51 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. PAŞA Sığorta şirkəti təhsilə dəstək məqsədi ilə ölkənin Quba-Xaçmaz zonasında birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması və dərs ləvazimatları hədiyyə edib.

Davamlı olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri reallaşdıran PAŞA Sığorta şirkəti PAŞA Holding-in dəstəyi ilə ənənəvi olaraq yeni tədris ilinin başlanması münasibətilə regionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirib. Beləliklə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində PAŞA Sığorta və PAŞA Holding-in bir qrup könüllü əməkdaşı tərəfindən 350-dək uşağa məktəbli forması dəsti və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim edilib. Həmçinin tədbir zamanı uşaqların sevinc və marağına səbəb olmuş sürpriz əyləncə proqramı təşkil olunub.  

Təqdirəlayiqdir ki, PAŞA Sığorta şirkətinin cari təşəbbüsü artıq ardıcıl olaraq üçüncü ildir ki, həyata keçirilir. Ötən illərdə layihə çərçivəsində ölkənin Aran və cənub bölgələrində yaşayan aztəminatlı ailələrdən olan 400-dən çox uşaq forma və ləvazimatlarla təmin edilib.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

 

 

Bütün xəbərlər