16:00 - 24.04.2025
24 aprel, Fineko/abc.az. Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib.
ABC.AZ xəbər verir ki, görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu qərar bank sistemi üçün müsbət hadisədir:
“Əslində, insanların seçim imkanları məhdudlaşmışdı. Vətəndaşlarımız istənilən bankdan maaş və təqaüdlərini ala bilmirdilər. Bəzi banklarda daha yaxşı şərtlər olsa da, vətəndaşlar iri banklarla müqavilə bağlamağa məcbur idilər. İndi kiçik banklar üçün də imkan yaranır ki, ən azından rəqabətsizlik mühitinin bir hissəsi aradan qalxsın. Pozitiv addımdır, bu məsələ uzun müddətdir müzakirə olunurdu. Mərkəzi Bankın sədri Taleh müəllimin (Taleh Kazımov-red) dediyinə görə yaxın aylarda bu məsələ öz həllini tapacaq. Hər bir kəs öz təqaüdünü, maaşını istənilən banka keçirə biləcək. Türkiyə telekanallarında maaşınızı, təqaüdünüzü bizim banka köçürün, sizə bu qədər bonuslar veriləcək deyə tez-tez reklamlara rast gəlinir. Azərbaycanda da belə bir situasiya ola bilər. Müxtəlif kiçik banklar daha çox müştəri cəlb etmək üçün müəyyən bonuslar, hədiyyələr, daha sərfəli xidmətlər təklif edəcəklər. Bank sistemi üçün müsbət hadisədir”.
13 May 2025
13 May 2025
13 May 2025
13 May 2025
12 May 2025
12 May 2025
12 May 2025