16:36 - 24.04.2025
24 aprel, Fineko/abc.az. Bakı-Supsa boru kəməri xüsusiyyətlərinə görə Qara dəniz sahilində yerləşən neft emalı zavodlarında (NEZ) emal üçün ən uyğun olan neftə malik şirkətlər üçün mühüm rəqabət üstünlüklərinə sahibdir.
ABC.AZ “Report”-a istinadla xəbər verir ki, bunu “SOCAR Midstream Operations” şirkətinin Biznesin inkişafı şöbəsinin rəhbəri Rüfət Qəmbərov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat forumu”nda bildirib.
O, neft kəmərinin 1999-cu il aprelin 17-də istismara verildiyini xatırladıb.
"Hazırda məlum səbəblərdən boru kəməri ilə neft nəqli dayandırılıb. Lakin marşrut neft istehsalçıları və treyderlər üçün cəlbediciliyini qoruyur. Çünki Bolqarıstan və Rumıniyada NEZ-in təchizatı üçün yararlıdır", - R.Qəmbərov qeyd edib.
Onun sözlərinə görə, neftin kimyəvi tərkibini və Qara dənizdə müvafiq infrastrukturun mövcudluğunu nəzərə alaraq, Bakı-Supsa uzunmüddətli perspektivdə strateji əhəmiyyətini qoruyur.
"Əminik ki, zamanla boru kəmərinin işinin dayandırılmasına təsir edən şərtlər dəyişəcək. “SOCAR Midstream” SOCAR-ın bir hissəsi olaraq və dövlətin maraqları naminə onun gələcək istifadəsi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır", - şöbə müdiri əlavə edib.
Qeyd edək ki, uzunluğu 837 km, diametri isə 530 mm olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində inşa edilib. Onun ötürücülük qabiliyyəti ildə 7,5 milyon ton neft təşkil edir.
19 May 2025
19 May 2025
19 May 2025