10:44 - 25.04.2025
25 aprel, Fineko/abc.az. Bloomberg agentliyinin məlumatına görə, əgər ABŞ məhkəməsi Google şirkətini antiinhisar işi çərçivəsində Chrome brauzerindən imtina etməyə məcbur etsə, Yahoo onu almağa hazırdır.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg bildirib.
Yahoo Search rəhbəri Brayan Provost Chrome-un internetdə strateji əhəmiyyətə malik olduğunu bildirib və onun dəyərini on milyardlarla dollar olaraq qiymətləndirib. Onun sözlərinə görə, Yahoo öz brauzerini hazırlasa da, mövcud məhsulun alınması da gündəmdədir.
Bundan əvvəl, ChatGPT-nin dərin inteqrasiyasını planlaşdıran OpenAI şirkəti də Chrome-a maraq göstərmişdi.
ABŞ Ədliyyə Nazirliyi Google-un Chrome brauzerindən imtina etməsini və öz axtarış sistemini digər şirkətlərin məhsullarına yerləşdirmək üçün müqavilələr bağlamasını qadağan etməyi tələb edir. Məhkəmə artıq Google-un Apple, Samsung və Verizon ilə bağladığı müqavilələrlə internet axtarış bazarının 90%-ni rəqiblər üçün bağlayaraq, bazar mövqeyindən sui-istifadə etdiyini qəbul edib.
19 May 2025
19 May 2025
19 May 2025