Həkimlər sertifikasiyadan belə keçəcək - Detallar

12:24 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası davamlı peşəkar inkişaflarının (DPİ) qiymətləndirilməsi ilə də həyata keçiriləcək.

Başqa sözlə, hazırda qüvvədə olan qanuna əsasən, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər.

Layihəyə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının (DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək. DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçiriləcək.