Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib

16:15 - 17.09.2018


17 sentyabr, Fineko/abc.az. Kollegiya şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydaları və Sosial Adaptasiya Mərkəzinin Nizamnaməsini təsdiqləyib

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım özünü göstərib, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Sosial cəhətdən həssas qruplara, aztəminatlı ailələrə dövlət qayğısının artdığını, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndiyini deyən S.Babayev hazırda nazirliyin xətti ilə 1,3 milyon insanın əmək pensiyası ilə, 409 mindən çox şəxsin aylıq sosial müavinətlə, 62,5 min insanın Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edildyini bildirib. O, həmçinin 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləğinin 2,2 dəfə, 2008-ci ilin sentyabrından müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin olunaraq ödənilən Prezident təqaüdlərinin məbləğinin orta hesabla 2-2,5 dəfə artırıldığını diqqətə çatdırıb.

S.Babayev vurğulayıb ki, dövlət başçısının 2018-ci il 2 avqust tarixli 382 nömrəli Sərəncamının Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatı proqramının gücləndirilməsinə səbəb olub. Sərəncamla cari ildə həmin insanlar üçün əlavə olaraq minimum 300 mənzil alınması ilə bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 500-dən çox mənzilin verilməsinə imkan yarandığı, mənzillərin satınalınması üçün açıq tenderin elan olunduğu bildirilib. Həmçinin fərdi yaşayış binalarının inşasının davam etdirildiyi, çoxmənzilli binalarda tikinti işlərinin də başa çatmaqda olduğu qeyd edilib.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin (Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı) Nizamnamə layihəsi də müzakirə olunaraq təsdiq edilib. Nizamnaməyə əsasən, Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə həmin insanlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərəcək, bu müddətdə onları müvəqqəti yaşayış yeri ilə təmin edəcək.

İclas zamanı Kollegiya tərəfindən, eyni zamanda, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin müvafiq    bəndlərinin tətbiqinə  dair  İzahat”da  dəyişiklik edilməsi də qərara alınıb.

Bütün xəbərlər