Bu müharibə iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

14:44 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixli Sərəncamına əsasən, 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2500 manat birdəfəlik maddi yardım ödənilib.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1250 manat birdəfəlik maddi yardım ödənilib.