Avropa İttifaqı TikTok-u 530 milyon avro cərimələyib — Səbəb

17:29 - 2.05.2025


2 may, Fineko/abc.az. Avropa İttifaqı TikTok-u istifadəçi məlumatlarının qorunması qaydalarını pozduğuna görə 530 milyon avro cərimələyib.

ABC.AZ xəbər verir ki, cərimənin səbəbi TikTok-un Avropa İttifaqı istifadəçilərinin məlumatlarını Çinə ötürməsi ilə bağlı şübhələrdir. Bu, Avropa İttifaqı qanunvericiliyinə ziddir, çünki qanunlar məlumatların bölgə daxilində saxlanılmasını tələb edir. İrlandiyanın Məlumatların Qorunması Komissiyası şirkətin Çindəki əməkdaşlarının Avropa İttifaqı istifadəçilərinin məlumatlarına girişinin olmamasını sübuta yetirə bilmədiyini müəyyən edib. TikTok-a verilən tapşırığa əsasən, məlumatların emalı Avropa İttifaqı tələblərinə uyğun olaraq altı ay ərzində düzəldilməlidir. Şirkət cavab olaraq, qərarı mübahisələndirəcəyini və 2023-cü ildə tətbiq olunan məlumat təhlükəsizliyi tədbirlərinin, o cümlədən məlumatlara giriş və saxlanılmasına müstəqil nəzarət barədə məlumat verib. TikTok, həmçinin qeyd edib ki, heç vaxt Çin hakimiyyətindən Avropa İttifaqı istifadəçilərinin məlumatlarına giriş üçün müraciət almayıblar. Bu, TikTok üçün regionda ilk böyük cərimə deyil; 2023-cü ildə şirkət uşaqların məlumatlarının emalı qaydalarını pozduğu üçün 345 milyon avro cərimə almışdı.