Azərbaycan və Belarus hökumət başçıları Ağdam Sənaye Parkı ilə tanış olublar

14:33 - 6.05.2025


6 may, Fineko/abc.az. Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında olublar.

ABC.AZ xəbər verir ki, hökumət başçıları sənaye parkının ərazisinə baxış keçiriblər, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.

Hazırda 10-dan çox yeni müəssisə tikilir, o cümlədən bir neçə yeni zavodun işə salınması planlaşdırılır. Parkda əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar əlavə texniki şərtlər əldə etmədən dövlət hesabına hazır infrastrukturdan istifadə etməklə layihələr həyata keçirə bilərlər.

Rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərini ödəməkdən, habelə istehsal avadanlıqları və mexanizmləri idxal edərkən ƏDV və gömrük rüsumlarını ödəməkdən azaddırlar. Bundan başqa əlavə güzəştlər nəzərdə tutulur: sosial sığortaya subsidiyalar, kommunal xidmətlərə 20% endirim, ƏDV-dən və bir sıra xammal və materialların idxalına görə rüsumlardan tam azad olunma (Nazirlər Kabineti tərəfindən təsdiq edilən), güzəştli bank kreditləri və s. (APA)