Bu ölkədə1931-ci ildən bəri ən quraq yaz mövsümü qeydə alınıb

11:43 - 12.05.2025


12 may, Fineko/abc.az. 2025-ci ilin yazında – fevraldan aprelin ortalarınadək Almaniyada kvadrat metrə cəmi 40 litr yağıntı düşüb ki, bu da 1931-ci ildən bəri (müşahidələrin başlanğıcı) qeydə alınmış ən aşağı göstəricidir.

ABC.AZ xəbər verir ki, bu barədə Almaniya Meteorologiya Xidməti (DWD) məlumat yayıb.

Bu göstərici 1991–2020-ci illər üzrə orta səviyyədən 88 litr və ya 68% aşağıdır. Ölkənin şimal və şimal-qərbində yağıntıların yalnız 35%-i, cənub-şərqində isə 50-80%-i müşahidə olunub. Quraqlıqla yanaşı, 11–15 may tarixlərində gecə şaxtalarının olacağı gözlənilir ki, bu da qarğıdalı və şəkər çuğunduru cücərməsinə mənfi təsir göstərə bilər.

2025-ci ilin fevral və mart ayları Benilüks ölkələrindən tutmuş İsveç və Baltikyanı respublikalar – Litva, Latviya və Estoniyaya qədər olan ərazilərdə də quraqlıqla keçib.

Eyni zamanda, Cənubi Avropa həddindən artıq yağıntı ilə üzləşib. İspaniya və Portuqaliyanın cənub bölgələrində normanın 165%-i, bəzi ərazilərdə isə 200%-dən çox yağıntı qeydə alınıb.