Dünya borcu rekorda çatıb

16:24 - 12.05.2025


12 may, Fineko/abc.az. 2025-ci ilin ilk üç ayı ərzində dünya üzrə borc təxminən 7,5 trilyon dollar artaraq 324 trilyon dollardan çox olub və rekord həddə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatlarına istinadən yazır.

Bildirilir ki, dünya borcunun artmasına əsas töhfəni Çin, Fransa və Almaniya verib. Eyni zamanda, Kanada, BƏƏ və Türkiyədə borc səviyyəsi azalıb.

İnkişaf etməkdə olan ölkələrdə ümumi borc birinci rübdə 3,5 trilyon dollardan çox artaraq 106 trilyon dolları keçib. Təkcə Çində bu artım 2 trilyon dollardan çox olub. Bu ölkədə dövlət borcunun ÜDM-ə nisbəti hazırda 93% təşkil edir və ilin sonuna qədər 100%-ə çatacağı gözlənilir.

Çindənkənar inkişaf etməkdə olan ölkələrdə də borc nominal ifadədə rekorda çatıb. Borcun dollarla ifadə olunan dəyəri ən çox Braziliya, Hindistan və Polşada artıb.