Prezident İlham Əliyev Yaşar Güləri qəbul edib

11:02 - 13.05.2025


13 may, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

ABC.AZ xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı.

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi.

Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.

Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.