Çin rabitə texnologiyalarının sınağı üçün Shiyan-19 peykini orbitə buraxıb

14:19 - 13.05.2025


13 may, Fineko/abc.az. Çin rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş Shiyan-19 peykini uğurla orbitə çıxarıb.

ABC.AZ-ın verdiyi məlumata görə, buraxılış Siçuan əyalətində yerləşən Siçan kosmodromundan CZ-3C (Çançjen-3C) raketdaşıyıcısı vasitəsilə həyata keçirilib. Bu, “Çançjen” seriyalı raketlərin 575-ci buraxılışıdır.

Üçmərhələli CZ-3C raketi günəş sinxron orbitinə 3,9 tonadək yük çıxarmaq qabiliyyətinə malikdir. Bu, 2025-ci ildə CZ-3 seriyasının səkkizinci buraxılışıdır.
Çin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Proqram çərçivəsində rabitə, meteorologiya, naviqasiya peykləri, həmçinin Ay, Mars və asteroidlərin tədqiqi üzrə missiyalar yer alır. Orbitdə beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulmuş milli kosmik stansiya fəaliyyət göstərir.