Səudiyyə Ərəbistanının “Humain” şirkəti və ABŞ texnologiya nəhəngləri AI sahəsində irimiqyaslı layihələrə start verir

17:12 - 14.05.2025


14 may, Fineko/abc.az. ABŞ-ın texnologiya şirkətləri Səudiyyə Ərəbistanının süni intellekt sahəsində fəaliyyət göstərən “Humain” şirkəti ilə Yaxın Şərqdə süni intellektin inkişafını hədəfləyən genişmiqyaslı razılaşmalar imzalayıblar.

ABC.AZ xəbər verir ki, “Nvidia” “Humain” şirkətinə 18 000 ədəd ən yeni GB300 Blackwell çipini təqdim edəcək. Bu çiplər 500 meqavat gücündə məlumat mərkəzlərində qabaqcıl AI sistemlərinin təlimi və tətbiqi üçün istifadə olunacaq.

“AMD”, “Humain” ilə birlikdə AI hesablama infrastrukturu yaratmaq üçün 10 milyard ABŞ dolları investisiya yatıracaq.

“Qualcomm” “Humain” ilə məlumat mərkəzləri üçün mərkəzi prosessorun birgə hazırlanması məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Bu razılaşmalar Səudiyyə Ərəbistanının süni intellekt sektoruna 14,9 milyard dollar sərmayə qoymaq niyyətinin tərkib hissəsidir. Proqrama Google Cloud, Lenovo, Alibaba Cloud, Groq və Salesforce kimi şirkətlərlə tərəfdaşlıqlar da daxildir.

Krallıq, iqtisadiyyatını şaxələndirmək və Vision 2030 strategiyası çərçivəsində qabaqcıl texnologiyaların inkişafını sürətləndirmək məqsədilə süni intellekt üzrə qlobal mərkəzə çevrilməyi qarşısına məqsəd qoyub.