Azərbaycanda aqrodronların kütləvi istehsalına başlanılacaq

17:19 - 15.05.2025


15 may, Fineko/abc.az. Azərbaycanda Türkiyə şirkətlərindən biri ilə əməkdaşlıq çərçivəsində aqrodronların kütləvi istehsalına başlanılacaq.

ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Aqrar İnnovasiya Forumunda bildirib.

“Həmin şirkət əsasən aqrar sahə üzrə dronların istehsalı məşğuldur və Bakı Mühəndislik Universiteti ilə istehsal sahəsinin qurulmasına dair razılıq əldə edib”, – deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ölkədə robototexnika istehsalı ilə məşğul olan yerli şirkətlərdən bir qismi sınaq məqsədilə süni intellektə əsaslanan aqrodron istehsal ediblər. Hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.

A.Cəfərovun sözlərinə görə, ölkədə istehsal olunacaq dronlar nazirliyin innovativ avadanlıqlar siyahısına salınacaq: “Yerli fermerlər bu dronlardan aldığı təqdirdə 40 %-lik dövlət dəstəyindən yararlana biləcəkllər”.