10:58 - 19.05.2025
19 may, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi Moody's Ratings ABŞ-ın uzunmüddətli kredit reytinqini "Aaa" səviyyəsindən "Aa1"-ə endirib. Buna səbəb dövlət borcunun və büdcə kəsirinin artması ilə bağlı narahatlıqlardır.
ABC.AZ xəbər verir ki, bununla da Moody's "böyük üçlük" reytinq agentlikləri arasında sonuncu olaraq dünyanın ən böyük iqtisadiyyatını ən yüksək reytinqdən məhrum edib. Daha əvvəl bu addımı S&P Global Ratings və Fitch Ratings atmışdı.
Reytinq üzrə proqnoz "mənfi"dən "sabit"ə dəyişdirilib.
“ABŞ-ın iqtisadi və maliyyə baxımından əhəmiyyətli gücünü tanıyırıq, lakin hesab edirik ki, bu üstünlüklər artıq büdcə göstəricilərinin pisləşməsini tam şəkildə kompensasiya etmir”, – deyə Moody's-in press-relizində bildirilir.
ABŞ federal büdcəsinin illik kəsiri təxminən 2 trilyon dollar təşkil edir ki, bu da ölkənin ÜDM-nin 6%-dən çoxudur. Konqresin Büdcə İdarəsinin (Congressional Budget Office, CBO) fikrincə, dövlət borcu 2029-cu ilə qədər ÜDM-in 107%-nə çata bilər ki, bu da İkinci Dünya Müharibəsindən bəri rekord göstəricidir.
Moody's-in ABŞ-ın reytinqini aşağı salmaq qərarı prezident Donald Tramp administrasiyasının tənqidi ilə qarşılanıb. Belə ki, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq xüsusilə Moody's Analytics-dən Mark Zandiyə diqqət çəkib, baxmayaraq ki, bu qurum Moody's Ratings-ə daxil deyil.
17 İyun 2025
17 İyun 2025
17 İyun 2025