330x110
 

Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətinin təşviq və təbliğ etməsinə dəstək məqsədilə “Gənc Səfirlər”in seçiminə başlanılıb

19.09.2018,09:23


19 sentyabr, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi həyata keçirilir. Layihənin məqsədi gənclərin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əhəmiyyətini təşviq və təbliğ etməsi və bu yolda dəstək olmaq üçün Azərbaycan Respublikasının vətəndaşı olan gənclər arasından müəyyən edilmiş tələblərə cavab verən “Gənc Səfirlər”in seçilməsidir.

Məlumat üçün bildirək ki, layihə 3 istiqamət üzrə fəaliyyət göstərir ki, bunlar “Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği”, “DİM üzrə Gənc Səfirlərin seçilməsi və DİM üzrə Könüllü Milli Hesabatların hazırlanmasında gənclərin iştirakı”, “Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması və Azərbaycanda BMT Modeli hərəkatının möhkəmləndirilməsi və genişləndirilməsi”dir.

Gənc Səfirlərin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, yerli və milli səviyyədə atılan addımlar barədə əhalinin məlumatlandırılmasına və Milli Hesabatların hazırlanmasına töhfə verməkdir.

Gənc Səfirlər 14-29 yaşlı Azərbaycan vətəndaşları arasından seçiləcək və 2 il müddətində fəaliyyət göstərəcək. Gənc Səfirlərin sayı 17-dən çox ola bilməz və bir DİM üzrə yalnız 1 nəfər Gənc Səfir seçilə bilər. Gənc Səfirlər könüllü əsaslarla fəaliyyət göstərəcəklər və onların fəaliyyəti paytaxtı və Azərbaycanın müxtəlif regionlarını əhatə etməlidir.

Ərizə qəbulu elan edildikdən və namizədlərin müraciətləri toplandıqdan sonra DİM üzrə Gənc Səfirlərin seçimi 2 mərhələdə həyata keçiriləcək. İlk öncə işçi qrup nümayəndələri tərəfindən bütün müraciətlər araşdırılacaq və ilkin müsahibə keçirilərək namizədlərin qısa seçim siyahısı hazırlanacaq. Daha sonra, Gənclər və İdman Nazirliyi, BMT İnkişaf Proqramı və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndlərindən ibarət heyət qısa seçim siyahısında olan namizədləri yekun müsahibə əsasında qiymətləndirib son seçim barədə qərar verəcək.

Seçilmiş DİM üzrə Gənc Səfirlərin fəaliyyəti layihə əməkdaşları tərəfindən əlaqələndiriləcək. Fəaliyyət müddətləri ərzində, DİM-lərin təbliği məqsədilə və tərəfdaşların dəstəyi ilə Gənc Səfirlərin kütləvi informasiya vasitələrində çıxışları, müxtəlif müəssisələrdə təqdimatları və təlimləri, regional, milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirakı və digər uyğun tədbirlərdə iştirakı nəzərdə tutulur.

Layihədə iştirak etmək istəyən gənclər Layihəyə qoşulmaq şərtləri və digər məlumatlar üçün aşağıdakı linkə müraciət edə bilərlər. https://goo.gl/forms/ZzdN0Fej9P6d8UEn1