İpoteka kreditləri daha da artacaq - Bankların belə gözləntisi var

15:50 - 21.05.2025


21 may, Fineko/abc.az. 2025-ci ilin birinci rübü üzrə aparılmış sorğunun nəticələrinə əsasən, həm daxili ipoteka kreditləri, həm də İpoteka və Kredit Zəmanəti Fondunun hesabına verilən kreditlər üzrə standartlarda nəzərəçarpan dəyişiklik müşahidə edilməyib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, banklar növbəti rübdə ümumi ipoteka kreditləri, o cümlədən İKZF hesabına verilən kreditlər üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.

Banklardan gələn sorğu nəticələrinə əsasən, 2025-ci ilin I rübündə ümumi ipoteka kreditləri üzrə tələbdə artım trendi davam edib. Respondentlərin cavablarına görə, tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Cari ilin I rübündə tələbin artmasına təsir göstərən əsas faktor ilin əvvəlində İKZF tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılmasıdır.

Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər.