Kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib - Mərkəzi Bank

16:24 - 21.05.2025


21 may, Fineko/abc.az. Bu ilin I rübündə də Azərbaycan əhalisinin borclanma səviyyəsində artım dinamikası davam edib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Sənədə əsasən, yanvar-mart aylarında respondent bankların 85 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 8 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.

3 ayda cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar.

Sorğunun nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.