Bakı metrosunda pik saatlarda interval azaldılıb    

12:32 - 22.05.2025


22 may, Fineko/abc.az. AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC  cari ilin may ayında fəaliyyətində mühüm yenilik edib – son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub. Belə ki, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib.

ABC.AZ xəbər verir ki, bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib. 2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.

Hazırda Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir. Qatarlar gün ərzində artan tendensiya ilə xəttə çıxarılaraq pik saatlarda 30 cütə çatdırılırdı. Artıq bu rəqəm 32-yə çatdırılıb. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.