Bu vergi ödəyicilərinin bəyannamə göndərməsi asanlaşdırılacaq

16:47 - 22.05.2025


22 may, Fineko/abc.az. Azərbaycanda sadələşdirilmiş vergitutma rejimində işləyən vergi ödəyicilərinin bəyannamələrinin göndərilməsinin asanlaşdırılması üzərində intensiv işlər aparılır.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclasında məlumat verilib.

İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir. Tədbirdə qurumla yanaşı, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, İşçi qrupuna daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin I rübündə, habelə ondan sonrakı dövrdə görülən işlər barədə məlumat təqdim olunub. Qeyd olunub ki, ötən müddət ərzində vergi ödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verilib.