Mərkəzi Bank: I rübdə istehlak kreditləri üzrə kredit standartlarının sərtləşməsi davam edib

10:25 - 23.05.2025


23 may, Fineko/abc.az. 2025-ci ilin birinci rübündə Azərbaycanda ümumilikdə istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarının sərtləşməsi davam edib.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verib.

Məlumata görə, bu əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğlərinin artması şəklində özünü göstərib. Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartların sərtləşməsinin davam edəcəyini proqnozlaşdırırlar.

Sorğunun nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbat dəyişməyib. Banklar növbəti rübdə ümumi istehlak kreditlərinə tələbatın artacağını, lakin kredit kartlarına olan tələbatın dəyişməz qalacağını proqnozlaşdırırlar.

Həmçinin, sorğunun nəticələrinə əsasən, istehlak kreditləri üzrə maliyyələşmənin dəyəri, kapital mövqeləri və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Ümumilikdə sorğunun nəticələrinə görə, növbəti rübdə bankların istehlak portfeli üzrə artım dinamikasının davam edəcəyi gözlənilir. (Trend.az)