UNEC-də elmi konfrans: “Azərbaycan-Türkiyə diplomatik əlaqələri – 25”

15:04 - 8.11.2017


Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNECin birgə təşkilatçılğı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov Ulu öndər Heydər Əliyevin türk dünyasını birləşdirmək istiqamətində gördüyü işlərə diqqət çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun məhs bu uzaqgörən siyasətin özəyini təşkil etdiyini bildirib. Rektor BTQ-nin hər iki qardaş ölkə arasında iqtisadi sərhədləri aradan qaldırdığını və iqtisadi coğrafiyanı genişləndirdiyini qeyd edib. Ölkələr arasındakı iqtisadi və təhsil sahəsindəki əlaqələrdən bəhs edən rektor, UNEC-in Azərbaycanda türk dilində təhsil verən yeganə universitet olduğunu bildirərək, əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. UNEC rektoru türk ölkələri iqtisadiyyatından bəhs edən vahid dərsliyin hazırlanmasının vacibliyini vurğulayıb. O, türk dünyasının tanınmış simalarının adına mükafat təsis edilməsini də təklif edib.

Azərbaycan-Türkiyə diplomatik əlaqələrindən danışan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu dostluğun tarixi köklərə, milli-mənəvi dəyərlərə sıx bağlı olduğunu bildirib. Səfir Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən də danışıb, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək dəyərləndirib.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru, dosent Mesut Özcan ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb, tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının hər iki dövlət arasında əlaqələrin sarsılmaz özülünü təşkil etdiyini bildirib.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Samsun millət vəkili, TBMM Xarici əlaqələr Komissiyasının üzvü Hasan Basri Kurt ötən illər ərzində “bir millət-iki dövlət” prinsipinin dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə etdiyini bildirib. Dostluq və qardaşlıq üzərində qurulan əlaqələrin bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

SAM-ın şöbə müdiri Cavid Vəliyev, Türkiyə SAM-ın idarə rəisi Çiydem Tenker Koksal, UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, professor İrşad Kərimli, Türkiyənin Qazi Universitetinin müəllimi Bekir Tümən Somuncuoğlu, İran Araşdırmalar Mərkəzinin direktoru Haqqı Uyqur çıxış edərək, bu gün hər iki ölkə başçısı tərəfindən uğurla inkişaf etdirilən dövlətlər arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərin xalqlarımızın rifahına, o cümlədən regionda sülh, sabitlik və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildiriblər.