ABŞ və Çin ticarət danışıqlarını bərpa edir

15:28 - 10.06.2025


10 iyun, Fineko/abc.az. ABŞ və Çin bazar ertəsi Londonda ticarət danışıqlarını bərpa edəcəklər.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məqalə dərc edib.

Sözügedən məqalədə qeyd erilib ki, ABŞ-nin əsas məqsədi smartfonlar, elektromobillər və müdafiə sənayesi üçün lazım olan nadir torpaq maqnitlərinin əvvəlki tədarük həcmini bərpa etməkdir.

Görüşdə ABŞ-ni qabaqcıl texnologiyalar üzrə ixrac məhdudiyyətlərinə nəzarət edən ticarət naziri Hovard Lutnik təmsil edəcək. Nəşr yazır ki, onun iştirakı Ağ Evin bəzi məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu göstərə bilər, xüsusən də Çin sənayesi üçün vacib olan çiplər, proqram təminatı və komponentlər baxımından. Öz növbəsində, Pekin nadir torpaq metallarının ixracı üçün bir neçə müraciəti təsdiqlədiyini bildirib.

Cenevrədə keçirilən ilk danışıqlarda tərəflər atəşkəsə razılaşıblar: ABŞ Çin malları üzrə baza dərəcəsini 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirib. Bununla belə, atəşkəs avqustda başa çatır və irəliləyiş olmasa, dərəcələr əvvəlki səviyyəyə qayıda bilər.