Gömrük Komitəsinin yeni inzibati binasının açılışı olub Foto

14:58 - 10.06.2025


10 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.

Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.