Aİ Çin banklarını Rusiyaya qarşı yeni sanksiyalar paketinə daxil edəcək

11:08 - 12.06.2025


12 iyun, Fineko/abc.az. Avropa İttifaqı iki Çin bankını Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə daxil etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg və Financial Times sənəd layihəsinə və məlumatlı mənbələrə istinadən məlumat verib. Söhbət Rusiya ilə sərhəddə yerləşən kiçik regional banklardan gedir. KİV-in məlumatına görə, onlar sanksiya rejimini pozan əməliyyatlar və ixrac maliyyələşdirilməsində iştirak ediblər, həmçinin, ehtimal ki, kriptoaktivlərlə bağlı xidmətlər göstəriblər.

FT yazır ki, bu, Brüsselin Rusiya ilə əməkdaşlığa görə üçüncü ölkələrin maliyyə qurumlarını birbaşa cəzalandırmaq üçün ilk cəhdi olacaq. Çin banklarından əlavə, SWIFT sisteminə çıxışın qadağan edilməsi planlaşdırılan təxminən 20 Rusiya kredit təşkilatı və bəzi Çin şirkətləri də sanksiya paketinə daxil edilə bilər. Qərarın 26 iyunda Brüsseldə keçiriləcək sammitədək Aİ ölkələri tərəfindən razılaşdırılması nəzərdə tutulur.