İsrail-İran müharibəsi neft və qaz qiymətlərinin artmasına səbəb olacaq

11:23 - 17.06.2025


17 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İsrail-İran müharibəsinin dünya iqtisadiyyatına mənfi təsiri barədə dünya mediasında yazılar dərc edilib.

ABC.AZ-ın həmin yazılardan topladığı məlumatlara görə, müharibə dünya, o cümlədən region ölkələrinin iqtisadiyyatına təsiri nəticəsində, əsasən enerji qiymətlərinin artması müşahidə olunacaq.

Belə ki, müharibə nəticəsində Hörmüz boğazı və neft yollarında təhlükə yaranarsa, neft və qaz qiymətlərinin sürətlə yüksəlmə ehtimalı çoxdur.

Bu, xüsusilə enerji idxalçısı olan ölkələr (məsələn, Türkiyə, Pakistan, Hindistan) üçün inflyasiyanın artmasına, tədiyyə balansında pozulmaya səbəb olar.

Azərbaycan kimi enerji ixrac edən ölkələr qısamüddətli fayda görə bilər, amma regionda gərginlik artarsa, ixrac yolları və investor inamı zərbə ala bilər.

Müharibə həmçinin ticarət yollarında pozulmalara gətirib çıxaracaq. İran vasitəsilə keçən Çin–Avropa ticarət yolları (şimal-cənub dəhlizi) kəsilə bilər. Türkiyənin və Cənubi Qafqaz ölkələrinin logistika, tranzit və ixrac gəlirləri azalacaq. Müharibə turizmin zəifləməsinə, qonşu ölkələrdə (xüsusilə Türkiyə, BƏƏ, İordaniya) turist axınını azaldacaq.

Bölgəyə "təhlükəli region" damğası vurulması ilə turizm sektoru böyük zərər görəcək. Maliyyə bazarlarında çaxnaşma isə valyuta devalvasiyası, fond birjalarında panika, investorların çıxışı ilə nəticələnə bilər.

Ərzaq qiymətləri artacaq, bu isə əhalidə sosial narazılıq doğura bilər.

Müəllif: Elmir Murad